Dəniz Baykalı kim `dalğalandırır`? - TƏHLİL


16:39     16 Oktyabr 2017 deniz-baykal-telekulak-dinleme-kaset-kumpasi-skandali.jpg

Məlum olduğu kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılmış və müəyyən dəyişikliklər edildikdən sonra hər iki hesabat üzrə qətnamələr qəbul edilmişdi.

Bu vaxta qədər Avropa İnstitutları tərəfindən ölkəmiz əleyhinə dəfələrlə qərəzli, heç bir fakta və sübuta söykənməyən qətnamələr qəbul edilib. Sonuncular də həmin qəbildən idi. Yenə erməni lobbisinin təsiri altında fəaliyyət göstərən parlamentarilər tərəfindən Azərbaycandakı vəziyyəti qətiyyən əks etdirməyən hesabatlar təqdim olundu və ölkəmizdə aparılan hüquqi islahatlardan xəbərsiz deputatların “səyi” nəticəsində həmin hesabatlar səsvermədən keçərək qətnamə halına salındı.

Lakin bu dəfə bizi olduqca üzən bir olay yaşandı. Qardaş, can dediyimiz ölkənin bəzi parlamentariləri Azərbaycan əleyhinə olan həmin qətnamələrin birinin lehinə səs verdilər. Belə ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP-li deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan və İlhan Kəsici də olub.



Türkiyə daxilində erməni lobbisinin güclü təsir qüvvəsinə malik olduğu hər kəsə məlumdur. Elə bunun nəticəsi idi ki, bir müddət əvvəl bəzi türkiyəli siyasilərin Dağlıq Qarabağa qanunsuz səfərinin şahidi olmuşduq. Aydındır ki, nə həmin hadisə, nə də Dəniz Baykal başda olmaqla, bəzi CHP-li millət vəkillərinin sonuncu davranışı Türkiyənin dövlət maraqları ilə qətiyyən uyğunluq təşkil etmir. Lakin şübhəsizdir ki, hər iki hal Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının ruhuna ziddir.



Azərbaycan bu vaxta qədər həmişə qardaş hesab etdiyi Türkiyənin yanında olub. Hətta 2015-ci ildə məlum təyyarə böhranından sonra Rusiya kimi strateji tərəfdaşımızı qarşımıza alaraq Ankaraya hər cür dəstəyimizi nümayiş etdirmişik. Ötən ilin iyul ayında dövlət çevrilişinə cəhd olayında da Türkiyəyə ilk dəstək mesajı məhz Bakıdan gəlmişdi. Beynəlxalq arenada həmişə arxa durduğumuz, dara düşəndə həmişə yanında olduğumuz, imdadına çatdığımız və buna görə də haqlı olaraq dəstək umduğumuz bir ölkənin deputatlarının Azərbaycan əleyhinə olan sənədə imza atmaları bizi hədsiz dərəcədə üzdü. Son bir ayda artıq ikinci dəfədir ki, ummadığımız yerdən zərbə alırıq…

Azərbaycanda hüquq sahəsində aparılan islahatlar, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi, əfv və amnistiya aktlar və bunların nəticəsində minlərlə məhkumun azadlığa buraxılması erməni lobbisinin nəzarətində olan deputatların gözünə görünməyə bilər. Lakin qardaş bildiyimiz ölkənin bu reallıqları görməzdən gəlməsi qətiyyən anlaşılan deyil. CHP-nin ictimaiyyətlə əlaqələr bölməsindən AzVision.az-a verilən açıqlamada məsələnin araşdırıldığı və ola bilsin, hansısa yalnışlığın olduğu bildirilsə də, hələlik məsələyə aydınlıq gətirilməyib. Bəlkə də CHP-nin susqunluğunun səbəbi aydınlaşdırmağa nəyinsə olmamağıdır…

Əgər belədirsə, deməli, Türkiyə dövləti həmin deputatların qınaq obyektinə çevirməsi üçün lazımi tədbirləri görmək məcburiyyətindədir. Deputatların toxunulmazlıq hüququnun aradan qaldırıldığı qardaş ölkədə Azərbaycana sözün əsil mənasında xəyanət etmiş Dəniz Baykal və digərləri lazımi qaydada cəzalandırılmalıdır. Ən azından TBMM-də məsələnin müzakirəyə çıxarılaraq sözügedən parlamentarilərin ifşa olunması gərəkdir. Təəssüflər olsun ki, Türkiyə Parlamentində həmin hadisədən bu yana sözügedən səpkidə hər hansı bir müzakirə aparılmayıb. Heç bir deputat Azərbaycan dövlətinə qarşı edilmiş bu “kalleşlik” haqqında TBMM-də çıxış etməyib.

Dəniz Baykalın Türkiyə siyasətində “xidmət”ləri bizə və bütün dünyaya məlumdur. “Kasset siyasətçisi” kimi tanınan və ağsaqqal vaxtında qızı yaşda qadınlarla eyş-işrət macəraları yaşayan Baykal nəinki Azərbaycanın, hətta öz ölkəsinin maraqlarını belə dəfələrlə ayaqlar altına atıb. Elə bu hərəkətlərinə görə, o, vaxtilə intizam məsuliyyətinə cəlb olunmuş, hətta CHP-dəki sədrlik postundan uzaqlaşdırılmışdı. İndiki situasiyada haqlı tələbimiz ondan ibarətdir ki, Dəniz Baykal barəsində müvafiq cəza tədbirləri müəyyən olunsun. Bunun üçün həm əsas, həm də şərait var...

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1376